
“Tibb” ASC-nin (Akademik Roytberq Klinikası) dietoloqu Maryana Cutova yay aylarında tətbiq olunan detoks proqramları ilə bağlı mühüm açıqlamalar verib.
Foodinfo.az bildirir ki, RİA Novosti-yə müsahibəsində o, balanslı qidalanmanın yay detoksunun əsas şərti olduğunu bildirib.
Ekspert izah edib ki, elmi baxımdan "detoksifikasiya" anlayışı əsasən orqanizmin alkoqol, toksinlər və ağır metallar kimi zərərli maddələrdən təmizlənməsi prosesi ilə əlaqələndirilir. Lakin gündəlik həyatda bu termin daha çox şəkərli, yağlı və ağır qidalardan müvəqqəti imtina və təbii qidalara keçid mənasında istifadə olunur.
Cutovanın sözlərinə görə, yay aylarında orqanizmin maddələr mübadiləsi zəifləyir, iştah azalır və mayeyə olan tələbat artır. Bu səbəbdən, yayda orqanizmə yüklənmədən, yüngül və təbii məhsullarla qidalanmaq daha məqsədəuyğundur.
O, xüsusilə mövsümi tərəvəzlər, meyvələr, göyərti və giləmeyvələrin rasiona daxil edilməsini tövsiyə edib. Bu məhsullar həm bədən üçün faydalı vitamin və minerallarla zəngindir, həm də isti havalarda həzmi asanlaşdırır.
Dietoloq əlavə edib ki, “yerli məhsullar” konsepsiyası da yay detoksu zamanı önəmlidir. Çünki iqlimimizdə yetişən mövsümi məhsullar tərkib baxımından daha zəngin və faydalıdır.
Cutova vurğulayıb ki, ekstremal pəhrizlər və qidalanmadan tam imtina sağlamlıq üçün risklidir. Yay detoksu zamanı əsas məqsəd orqanizmi təmizləmək deyil, onu balanslı şəkildə yüngülləşdirmək və təbii məhsullarla dəstəkləmək olmalıdır.