Biotexnologiya və sənaye əczaçılıq kafedrasının dosenti, kimya elmləri namizədi Aleksey Panov kofeinsiz qəhvənin xüsusiyyətlərindən danışıb. Foodinfo.az bildirir ki, o, Gazeta.Ru ilə söhbətində qeyd edib ki, belə qəhvə dad və qoxu baxımından adi qəhvədən fərqlənir və daha zəif hiss olunur.

Panov izah edib ki, kofeinsizləşdirmə prosesində qəhvə dənələri su, kimyəvi birləşmələr və ya sıxılmış karbon qazı ilə işlənməyə məruz qalır. Nəticədə isə vizual olaraq dəyişməsə də, onların dad keyfiyyətləri əhəmiyyətli dərəcədə azalır.

Ekspertin sözlərinə görə, adi qəhvə bir fincanda təxminən 70–140 milliqram kofein ehtiva edirsə, kofeinsiz versiyada bu miqdar cəmi 1–3 milliqrama enir. Bu isə xüsusilə kofeinin orqanizmə təsirindən ehtiyat edən insanlar üçün alternativ seçim yaradır.

Panov bildirib ki, bəzi araşdırmalara əsasən, kofeinsiz qəhvə şəkərli diabetin yaranma ehtimalını azalda bilər. Lakin o da vurğulanıb ki, kofeinin orqanizmə göstərdiyi faydalı təsirlərin — məsələn, diqqətin artırılması və neyrodegenerativ xəstəliklərin riskinin azaldılması — kofeinsiz variantda müşahidə olunması mümkün deyil.