"Sağlam Qidalanma" Elmi-Tədqiqat Mərkəzinin icraçı direktoru, dietoloq və hepatoloq Nuriyyə Dianova balanssız qidalanmanın qaraciyər sağlamlığı üçün ciddi risk yaratdığını açıqlayıb.

Foodinfo.az bildirir ki, Gazeta.Ru-ya müsahibəsində o bildirib ki, qaraciyərdə piy toplanması yalnız artıq çəkili insanlara aid deyil, düzgün olmayan qidalanma nəticəsində arıq şəxslərdə də yağlı hepatoz yarana bilər.

Ekspertin sözlərinə görə, yağlı hepatoz qaraciyər hüceyrələrində piylərin yığılması və orqanın funksiyalarının pozulması ilə xarakterizə olunur. Ən çox rast gəlinən səbəblər arasında piylənmə və şəkərli diabetə bağlı metabolik pozğunluqlar dayanır.

“Bu xəstəlik adətən xarici görünüşlə əlaqələndirilir. Lakin mənim normal çəkidə olan, amma yüksək yağlı və şəkərli qidalarla qidalanan pasiyentlərim var ki, onlarda da bu problem aşkarlanıb”, – deyə Dianova vurğulayıb.

Həkim əlavə edib ki, sağlamlıq baxımından pəhrizdə əlavə şəkərləri, doymuş yağları, yağlı ət və süd məhsullarını məhdudlaşdırmaq vacibdir. Bunun əvəzində gündəlik menyuya bitki mənşəli qidalar daxil edilməli, heyvani zülallar isə bitki zülalları ilə birgə qəbul olunmalıdır.

Dianova bildirib ki, düzgün tərtib olunmuş rasion yalnız çəkiyə deyil, eyni zamanda daxili orqanların sağlamlığına da birbaşa təsir göstərir. Qaraciyərin piylənməsinin qarşısını almaq üçün hər kəs balanslı və təbii qidalanma prinsiplərinə əməl etməlidir.