"Sağlam Qidalanma" Elmi-Tədqiqat Mərkəzinin direktoru, dietoloq və hepatoloq Nuriyyə Dianova normal bədən çəkisinə malik şəxslərdə də qaraciyər yağlanmasının müşahidə oluna biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki, Gazeta.Ru-ya verdiyi müsahibədə ekspert bu vəziyyətin əsas səbəbinin balanssız və yağlı qidalanma olduğunu bildirib.

Dianovanın sözlərinə görə, yağlı hepatoz – yəni qaraciyər hüceyrələrində piyin toplanması – ənənəvi olaraq artıq çəki ilə əlaqələndirilir. Lakin bu xəstəlik bəzən normal çəkidə olan, lakin düzgün qidalanmayan insanlarda da yaranır.

“Pəhrizdə çoxlu yağlı yeməklər, sürətli qidalar və balanssız qidalanma bu problemi yarada bilər. Hətta metabolizmi sürətli olan, kökəlməyən şəxslərdə belə ultrasəs müayinəsi zamanı qaraciyərdə yağ yığıntısı aşkarlana bilər,” – deyə həkim xəbərdarlıq edib.

Diyetoloq qeyd edib ki, bu cür halların qarşısını almaq üçün rasionda heyvani zülallarla yanaşı, bitki mənşəli zülallara da yer verilməlidir. Eyni zamanda, qida qəbulunda müxtəliflik təmin edilməli və təbii, az yağlı məhsullara üstünlük verilməlidir.

Dianova əlavə edib ki, qaraciyər sağlamlığı yalnız çəki ilə deyil, ümumi qidalanma tərzi və maddələr mübadiləsi ilə də bağlıdır. Bu səbəbdən yalnız piylənmədən deyil, yanlış qidalanmadan da çəkinmək vacibdir.

Mütəxəssis hər kəsi profilaktik məqsədlə qidalanma vərdişlərinə diqqət yetirməyə və qaraciyər funksiyalarını mütəmadi olaraq yoxlatdırmağa çağırıb.