Qanda qurğuşunun miqdarının azalması sistolik təzyiqin təqribən 7 mm civə sütunu aşağı düşməsinə səbəb ola bilər.

Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, “JAHA” jurnalında dərc olunmuş tədqiqatın nəticələri bunu sübut edir.

Eksperimentdə ABŞ-nin beş ştatından olan 285 nəfər yaşlı sakin iştirak edib. Pasiyentlərin qanında qurğuşunun miqdarını 1997-1999-cu illərdə, daha sonra yenidən 2006-2009-cu illərdə ölçüblər. Tədqiqatın əvvəlində qanda qurğuşunun orta miqdarı 2,04 mq/dl-ə bərabər olub. Sonrakı illərdə bu göstərici 33 faiz – 0,67 mq/dl-dək aşağı düşüb. Bununla yanaşı, qurğuşunun miqdarı aşağı olduqca, pasiyentin təzyiqi bir o qədər az olub.

Lakin bəzi iştirakçılarda qanda qurğuşunun miqdarı orta səviyyədən yuxarı olub. Qanda qurğuşunun miqdarı 55 faiz aşağı düşəndə, sistolik qan təzyiqi 7 mm civə sütunu azalırdı ki, bu da infarkt və ürək çatışmazlığı riskini əhəmiyyətli şəkildə aşağı salırdı. “Biz görürdük ki, insan qanında qurğuşunun hətta kiçik miqdarı sağlamlığa münasibətdə əhəmiyyətli nəticələr verə bilər”, - deyə müəlliflər qeyd ediblər.