Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə zərərvericilərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, tədbirlər çərçivəsində Balakən rayonunun Qullar kəndində təşkil olunan növbəti görüş qəhvəyi mərmər zərərverici ilə mübarizə işinin aparılmasına həsr edilib. AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilən görüşdə sakinlər və təsərrüfat sahibləri qəhvəyi mərmər zərərverici və onunla mübarizə tədbirləri haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən zərərvericiyə Balakən, Zaqatala və Qax rayonlarının bəzi kəndlərində rast gəlinir. Qəhvəyi mərmər zərərverici meyvə və fındıq bağlarına, eləcə də tərəvəzçilik təsərrüfatlarına ciddi ziyan vura bilir. Buna görə də, qışlamaya getdiyi dövrdə zərərverici ilə mexaniki mübarizə aparılması zəruridir. Görüşdə həmçinin qəhvəyi mərmər zərərverici əyani olaraq görüş iştirakçılarına göstərilib və onları maraqlandıran suallar cavablandırılıb. [gallery ids="52271,52272"]