Qızılca ilə xəstələnən uşaqların 90 faizindən çoxu peyvənd olunmayıb. Bəzən valideyn həkimə gec müraciət etdikdə, uşağın özündə fərdi immun zəiflik əlamətləri olduqda, həmçinin orqanizmə hər hansı bir bakterial infeksiya qoşulduqda, o zaman qızılca fəsadlaşır. Bu, o demək deyil ki, qızılca xəstəliyi mütləq pnevmoniya ilə, ensefalitlə ağırlaşmalıdır. Lakin immuniteti zəifləmiş, virusa yoluxmuş orqanizmə bir bakterial infeksiya düşdükdə o əlbəttə fəsadlaşır, bir az da gecikmiş tibbi yardım nəticəsində ölüm kimi arzuolunmaz hallara səbəb olur.
Bunu AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova deyib.
“Qızılca peyvəndinin hansısa uşağa vurulmasına əks-göstəriş olmasına bir neçə mütəxəssis baxıb rəy verməlidir. Buna müayinə nəticəsində qərar verilməlidir. Statistikaya görə, hər 100 min peyvənd olunmuş uşaqdan 3-4-də arzuolunmaz təsir hadisəsini görə bilərik. Qızdırma, inyeksiya yerində ağrı, uşaqda əzginlik ola bilər. Burada qızılcanın fəsadlarını da fikirləşmək lazımdır. Valideyn düşünməlidir ki, bunlara görə uşağı peyvənddən saxlamağa dəyərmi?”, - deyə N.Mütəlibova bildirib.
Mütəxəssis onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların hansı dövrdə peyvənd vurdurması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, şüaterapiya, kimyaterapiya alan uşaqlar remissiya dövrlərində, yəni seanslararası sabit dövrlərdə qızılca əleyhinə peyvənd vurdura bilərlər.