Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə Rusiya Federasiyasında istehsal edilən vaksinlərin Azərbaycan Respublikasında istifadəsinin təşkili məsələlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Rusiya Federasiyasından respublikamıza geniş çeşiddə baytarlıq preparatları, o cümlədən vaksinlər idxal edilir. Respublikada əsasən qarayara, dabaq, nodulyar dermatit, qoyunların çiçəyi, brusellyoz, quduzluq və s. kimi heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmələr dövlət büdcəsi vəsaitləri hesabına təmin edilir. Ölkəyə idxal edilən bütün baytarlıq preparatlarının, o cümlədən vaksinlərin keyfiyyət və təhlükəsizlik sınaqları aparılır. Görüşdə dövlət reyestrinə daxil edilmiş, Rusiya Federasiyasının istehsalı olan baytarlıq preparatları barədə də məlumat verilib. Qeyd olunub ki, AQTA-nın və “Rosselxoznadzor”un aidiyyəti qurumları və tədqiqat laboratoriyaları ilə işgüzar əlaqələr mövcuddur. Bu istiqamətdə birgə səmərəli fəaliyyət inkişaf etməkdədir. Daha sonra ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.