Ramazan ayı bir çox insan üçün həm mənəvi təmizlənmə, həm də sağlam həyat tərzinə keçid üçün fürsət hesab olunur.
Foodinfo.az xəbər verir ki, çəki itirmək üçün iftar və səhurda balanslı qidalanma əsas şərt sayılır.
Səhurun buraxılması gün ərzində halsızlıqla yanaşı, axşam saatlarında həddindən artıq yeməyə səbəb ola bilər. Səhər yeməyində yumurta, süd məhsulları, tam buğda çörəyi və tərəvəzlərə üstünlük verilməsi uzun müddət toxluq hissi yaradır.
İftarda isə orucun yüngül qidalarla açılması tövsiyə olunur. 1-2 xurma, su və şorba ilə başlamaq mədəni yeməyə hazırlayır və həddindən artıq qida qəbulunun qarşısını alır. Qızardılmış yeməklər və şərbətli şirniyyatların tez-tez istehlakı isə çəki artımına səbəb ola bilər.
İfftar və səhur arasında kifayət qədər su içməyin vacibliyi də vurğulanır. Gün ərzində itirilən mayenin bərpası maddələr mübadiləsinin normal işləməsinə kömək edir.
Bundan əlavə, iftardan sonra yüngül gəzinti və ya fiziki aktivlik çəkinin nəzarətdə saxlanmasına dəstək verir.
Qeyd olunur ki, Ramazan ayında düzgün planlaşdırılmış qidalanma və porsiya nəzarəti sayəsində həm sağlam qalmaq, həm də artıq çəkidən azad olmaq mümkündür.






