
Spirtli içkilərin kökəlməyə səbəb olmasının bir neçə əsas izahı var. Spirtin özündə çoxlu enerji var – 1 qram spirt təxminən 7 kalori verir. Bu, yağdan (9 kal) bir az az, amma karbohidrat və zülaldan (4 kal) xeyli çoxdur. Məsələn, bir stəkan pivə və ya şərab sadəcə içki kimi görünür, amma əslində yüksək kalori daşıyır.
Foodinfo.az xəbər verir ki, spirtli içkilərdə vitamin və mineral kimi faydalı qida maddələri yoxdur. Yəni insan çoxlu kalori qəbul edir, amma orqanizmə heç bir qida dəyəri çatmır. Bu da kökəlməni sürətləndirir.
Spirt orqanizmə daxil olduqda qaraciyər onu parçalamağa başlayır. Bu prosesdə bədənin əsas diqqəti spirtin zərərsizləşdirilməsinə yönəlir, yağların parçalanması isə ikinci plana keçir. Nəticədə bədəndə yağ yığılması artır.
Araşdırmalar göstərir ki, spirt beyində aclıq mərkəzini stimullaşdırır. İçki içən insan normadan artıq yeməyə meylli olur, xüsusən də yağlı və duzlu qidalara.
Həmçinin spirtli içkilər yuxu keyfiyyətini pozur və hormonların, o cümlədən iştahanı tənzimləyən leptin və qrelinin balansını dəyişir. Bu isə artıq yemək və çəki artımı ilə nəticələnə bilər.
Spirtli içkilər həm yüksək kalorili olması, həm də yağ yandırmanı ləngitməsi səbəbilə kökəlməyə gətirib çıxarır. Davamlı istehlak edildikdə qarın bölgəsində piylənmə riski xüsusilə artır.