ABŞ Kənd Təsərrüfatı Naziri Vilsack Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında təşkil edilən mətbuat konfransında Covid-19 pandemiyası və tədarük zəncirindəki problemlər, iqlim dəyişikliyi və nəhayət, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin yaratdığı qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığın artmasına diqqət çəkib. Foodinfo.az bunu xarici KİV-lərə istinadən xəbər verir. ABŞ-ın taxıl istehsalını artıracağını, gübrə istifadəsi və istehsalına 500 milyon dollar sərmayə qoymağı planlaşdırdığını bildirən Vilsak, ölkələrin taxıl ehtiyatları ilə bağlı dəqiq mənzərənin olmamasının ərzaq qiymətlərinin artmasına səbəb olduğunu bildirib. ABŞ-ın qida və gübrəyə sanksiya tətbiq etmədiyini bildirən Vilsak Rusiyanı Ukrayna taxılından “silah” kimi istifadə etməməyə, limanları açmağa və müharibəni bitirməyə çağırıb. Ukraynadakı müharibə səbəbindən limanlarda 20 milyon ton taxıl saxlandığını qeyd edən Vilsak, Yaxın Şərq və Şimali Afrikada baş verə biləcək aclığın bölgədə qeyri-sabitliyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Ukrayna taxılının Qara dəniz üzərindən ixracı ilə bağlı BMT-nin planı üzərində ciddi danışıqlar aparıldığını bildirən Vilsak əlavə edib ki, Türkiyə rəsmiləri danışıqları ciddi aparır və Rusiyadan da eyni ciddiliyi gözləyirlər.