“Zəlzələlərin baş verdiyi 11 vilayətin hər birində istehsal obyektlərində yoxlamalar aparırıq”.

Foodinfo.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi “TRT Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, əks təqdirdə qida təhlükəsizliyi ilə bağlı problemlər yaşana bilər: “Bunun yaşanmaması üçün çalışırıq. Həmçinin içməli su ilə bağlı lazımi tədbirləri görürük".

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində azı 44 218 nəfər ölüb.