Ukraynanın kənd təsərrüfatı müharibədən sonra necə bərpa olunacaq? Bildirilir ki, bu ölkədə əkin sahələrinin on faizi minalanıb, dörddə biri Rusiyanın nəzarətində olan ərazidədir, bir çox ərazilər tərk edilib, Rusiya şirkətləri tərəfindən zəbt edilib, taxıl anbarları talan edilib.

Foodinfo.az “Lemonde” nəşrinin mövzu ilə bağlı məqaləsini təqdim edir. 

Döyüş əməliyyatlarına və bombardmanlara baxmayaraq, NASA-nın apardığı peyk analizləri göstərir ki, Ukraynada 2022-ci ildə 26,6 milyon metrik ton taxıl yığılıb. Bu isə son beş ilin orta göstəricisindən (27,9 milyon ton) bir qədər aşağıdır. Ancaq bu məhsulun bir hissəsi Rusiyanın əlinə keçib. Sözügedən taxıl Sevastopol limanı ətrafında cəmləşdirilib. Bu şəhərdən taxıl ixracı il ərzində 15 dəfə artıb ki, bu da Ukrayna üçün digər bir “cəbhə” yarandığını göstərir. 

Ölkə buğda, qarğıdalı və günəbaxanın əsas istehsalçısıdır və onun böyük hissəsi əsasən Afrika və Yaxın Şərq ölkələrinə ixrac edilir. 

Bu ticarət bir neçə iri istehsalçının əlində olsa da, Ukraynanın da 4 milyon kiçik fermeri var ki, bu da ölkənin ərzaq ehtiyaclarını ödəmək üçün vacibdir. Kaliforniyada yerləşən Oakland İnstitutunun dərc etdiyi araşdırma göstərir ki, müharibə başlayandan bəri torpaqların oliqarxların əlində cəmləşməsi artıb və kənd təsərrüfatı sektoruna beynəlxalq yardımın böyük hissəsi bu sahəyə yönəlib.