“2020-ci ilin hesabatına görə, Azərbaycanda qeydiyyatda olan autizmli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir”. Foodinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov bildirib. O qeyd edib ki, bundan əlavə, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə atipik autizimli uşaqların sayı 10 nəfər olub. Həkim hamiləlik zamanı doğulacaq körpənin autizm sindromlu olmasını öyrənməyin mümkün olmadığını bildirib: “Hesab edilir ki, autizm beynin müxtəlif nahiyələrində sinir hüceyrələri arasında sinaptik əlaqələrin pozulmasına səbəb olan fərqli gen mutasiyaları ilə əlaqədardır. Autizmi ana bətnində öyrənmək mümkün deyil. Dünyanın hansısa ölkəsində bunu dəqiq təyin edən üsul və test mövcud deyil. İlkin mərhələdə uşağın kontaktına diqqət eləmək lazımdır. Əgər uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. 2-5 yaş arasında valideynlər övladlarına diqqət yetirməlidilər, çünki körpələrin ünsiyyət qurması adətən 2 yaşdan başlayır. Autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq çətinləşir”. F. İsmayılovun sözlərinə görə, Azərbaycanın 14 rayonunda uşaq poliklinikaları bazasında uşaq psixi sağlamlıq bölmələri yaradılıb. Müəssisələrdə uşaq psixiatrı, psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu multidisiplinar komanda fəaliyyət göstərir.