Azərbaycanda Vergi Məcəlləsinə 2022-ci ildən qüvvəyə minən dəyişikliklər bəzi ərzaq mallarının bahalaşmasına səbəb olacaq.
Foodinfo.az xəbər verir ki, bu barədə mühasibat eksperti, «Bizcon Consulting Azerbaijan» konsaltinq şirkətinin direktoru Anar Bayramov bildirib.
Onun sözlərinə görə, Məcəlləyə əlavə edilən yeni – 153.3-cü maddə xaricdən gətirilən ərzaq malları ilə bağlı ƏDV-nin əvəzləşdirilməsi qaydasını dəyişir. Nəticədə ƏDV-ni əvəzləşdirmək mümkün olmadığına görə, həmin məhsulların qiymətinin artmasına ilə nəticələnəcək.
Anar Bayramov yazır:
01 yanvar 2022-ci il tarixdən etibarən qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərdən biri də yeni maddə olan 153.3-cü maddədir. Bu maddəyə əsasən "2022-ci il yanvarın 1-dən 2 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir".
Aparılan təbliğatlara görə ilk baxışdan bu maddə kənd təsərrüfatı məhsullarının qiymətinə müsbət təsir edəcək bir maddə kimi xarakterizə edilsə də, əslində bu maddə kənd təsərrüfatı məhsullarının idxalı ilə məşğul olan şəxslər üçün əlavə vergi yüküdür və idxal ediləcək kənd təsərrüfatı məhsullarının qiymətinin artımına gətirib çıxaracaqdır.
Belə ki, ilk baxışdan elə görünür ki, ƏDV bundan sonra bütün məbləğdən deyil, artıq ancaq ticarət əlavəsindən hesablanacaq və nəticədə məhsulun üzərinə daha az ƏDV qoyularaq son istehlakçı olan vətəndaşlara təqdim ediləcəkdir. Lakin bu "stimullaşdırıcı" xarakterli maddə ilə yanaşı Məcəlləyə 175.12-ci maddə əlavə ediləcək ki, bu maddəyə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 2 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
Yəni bu vergi ödəyiciləri tərəfindən idxal edilmiş kənd təsərrüfatı məhsullarına görə idxalda ödənilən(və yaxud azadolma halları istisna edilməklə yerli təchizatçılara ödənilən) ƏDV məbləğləri əvəzləşdirilməyəcək. Belə olan halda vergi ödəyicisi üçün "stimullaşdırıcı" xarakterli 153.3-cü maddənin, yəni ƏDV-nin ticarət əlavəsindən hesablanmasının heç bir müsbət tərəfi olmur, ən yaxşı halda əvvəlki kimi ƏDV yenə də ancaq ticarət əlavəsindən hesablanacaq. Ən pis halda isə böyük maliyyə itkilərinə məruz qalacaq.
Misal 1.
Hazırki qanunvericiliyə əsasən: Meyvə idxalı ilə məşğul olan ƏDV ödəyicisi "A" MMC 100000.00 manat dəyərində mal idxal edir, idxalda 18000.00 manat ƏDV ödəyir və təbii ki, idxalda ödədiyi 18000.00 manat ƏDV məbləğini əvəzləşdirir. Sonra həmin 100000.00 manat dəyərində olan meyvənin yarısını, yəni 50000.00 manatlıq hissəsinin üzərinə öz marjası olan 10000.00 manat gələrək 60000.00 manat əsas məbləğ+10800.00 manat ƏDV məbləği olmaqla 70800.00 manata müştəriyə təqdim edir və müştəri də müəssisəyə tam ödəniş edir.
Həmin ay üçün baxmayaraq ki, müəssisənin 10800.00 manat ƏDV öhdəliyi yaranır, lakin onun büdcədən alacağı 18000.00 manat artıq ödəməsi olduğu üçün büdcəyə həmin ay heç bir məbləğ ödəmir, nəticədə 10800.00 manat depozitdə olan məbləği növbəti dəfə meyvə idxalı zamanı istifadə edəcəkdir.
Misal 2.
Dəyişiklikdən sonrakı qanunvericiliyə əsasən: Meyvə idxalı ilə məşğul olan ƏDV ödəyicisi "A" MMC 100000.00 manat dəyərində mal idxal edir, idxalda 18000.00 manat ƏDV ödəyir. Artıq idxalda ödədiyi 18000.00 manat ƏDV məbləğini əvəzləşdirə bilmədiyi üçün həmin 18000.00 manatı məhsulun maya dəyərinin üzərinə gəlir və idxal edilən meyvənin maya dəyəri olur 118000.00 manat. Sonra həmin 118000.00 manat dəyərində olan meyvənin yarısını , yəni 59000.00 manatlıq hissəsinin üzərinə yenədə 10000.00 marjasını gələrək 69000.00 manat əsas məbləğ+1800.00 manat ƏDV məbləği olmaqla 70800.00 manata müştəriyə təqdim edir.
Və nəticədə baxmayaraq ki, bu dəfə müəssisənin daha az ƏDV öhdəliyi yarandı, lakin idxalda ödədiyi ƏDV məbləğini əvəzləşdirmədiyi üçün müəssiənin büdcədən alacağı hər hansı bir artıq ödəməsi olmadığı üçün məcburdur ki, həmin 1800.00 manat ƏDV məbləğini mütləq büdcəyə ödəsin.
Həmçinin nəzərə almaq lazımdır ki, bildiyimiz kimi bir çox hallarda malların idxalı zamanı ƏDV statistik dəyərdən hesablanır və hesablanmış ƏDV məbləği invoys qiymətinə əsasən hesablanmalı olan real dəyərin ƏDV məbləğindən yüksək olur. Belə olan halda əgər vergi ödəyicisi idxalda ödənilmiş ƏDV məbləğini əvəzləşdirə bilmirsə, qanunvericiliyə əsasən həmin ƏDV məbləği də artıq malın maya dəyərinin üzərinə gəlir və nəticədə məhsulun qiyməti qalxmış olur.
Həmçinin nəzərə alaq ki, idxal edilən kənd təsərrüfatı mallarının qiymətinin qalxması kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan yerli istehsalçılara da heç bir müsbət təsiri olmayacaq. Çünki idxal edilən kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsal olan kənd təsərrüfatı məhsulları ilə rəqabət aparmır.
Çünki idxal edilən bu meyvə və tərəvəz ya Azərbaycanda istehsal edilməyən meyvə və tərəvəz olur ki, məsələn xüsusilə də banan, ananas, manqo, kakos və sairə hansı ki, həmin məhsulların idxalı yerli istehsala mane olmur, ya da idxal edilən meyvə və tərəvəz Azərbaycanda istehsal olunsa belə məsələn, kartof, pomidor və yaxud digər meyvə və tərəvəz, onsuz da yerli istehsal olan həmin məhsulların qiyməti keyfiyyətinə görə kifayət qədər yüksəkdir və istər Azərbaycanda, istərsə də ölkə xaricinində satışı ilə bağlı heç bir çətinlik yoxdur.
Lakin vergi ödəyicisinin xeyrinə olan bir hal var ki, 31.12.2021-ci il tarixədək kənd təsərrüfatı məhsulları idxal edən ƏDV ödəyicisi olan şəxslər həmin idxal edilən mallara görə ƏDV məbləğlərini əvəzləşdirəcəklər, lakin gələn ildən həmin kənd təsərrüfatı mallarının təqdim edilməsinə görə ƏDV-ni ancaq ticarət əlavəsindən ödəyəcəklər.
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır