Yüksək temperaturdan əziyyət çəkən orqanizm üçün xiyar həm sərinləşdirici, həm də nəm bərpaedici xüsusiyyətləri ilə əvəzsiz təbii vasitə sayılır.

Foodinfo.az bildirir ki, tərkibinin 95 faizindən çoxu sudan ibarət olan bu tərəvəz bədəndə itirilən mayeni sürətlə bərpa edərək susuzluqla mübarizə aparır. 

Xiyarın tərkibindəki silisium və kalium dəriyə elastiklik verir və günəş altında quruyan dərinin bərpasını sürətləndirir. Gündəlik istifadəsi həm böyrəklərin fəaliyyətini tənzimləyir, həm də toksinlərin bədəndən çıxmasını asanlaşdırır. 

Xüsusilə səhərlər boş qarına bir neçə dilim xiyar yemək metabolizmi aktivləşdirir və günə enerjili başlamağa şərait yaradır. Salatlarda, yoqurtla birlikdə və ya təbii detoks sularında istifadə edildikdə təsiri daha da artır.

Həddindən artıq yüngül olması onu arıqlamaq istəyənlər üçün də ideal seçimə çevirir. Günorta saatlarında qəbul edilən xiyar orqanizmi içəridən sərinlədir və həddindən artıq istiyə qarşı təbii balans yaradır. 

Təbii şəraitdə yetişdirilən və dərhal istifadə edilən xiyar vitaminlərlə daha zəngin olur. İstər birbaşa, istərsə də digər qidalarla birlikdə qəbul olunduqda bu tərəvəz yay rasionunun sağlam təməl daşına çevrilə bilər.