Bəzən reallıqda vəziyyət bəzən heç də belə olmur

Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək, eyni zamanda bazarda qiymət artımını tənzimləmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftəsonu yarmarkaları təşkil olunur. Bu yarmarkalar Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən fermerlərin öz məhsullarını birbaşa bazara çıxarmasına imkan yaradır. Bu həm də yarmarkada kənd təsərrüfatı məhsullarının digər bazarlardan daha ucuz satılmasına şərait yaratmalıdır. Lakin bəzən reallıqda vəziyyət bəzən heç də belə olmur. Mövsümlə əlaqədar aqrar məhsulların bahalaşması yarmarkalardan da yan keçməyib. Qiymətlər isə demək olar ki, paytaxtın digər iri bazarları ilə eynidir. Bəs görəsən, bu durumun səbəbi nədir?

Musavat.com-un müxbiri bu sualın izi ilə həftəsonu təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkasına baş çəkib, qiymətlərlə maraqlanıb. Yarmarkada həmişə olduğu kimi alıcı sıxlığı müşahidə edilir. Meyvə- tərəvəzdən tutmuş ət və balıq məhsullarına qədər nə istəsən, bu yarmarkada tapmaq mümkündür. Lakin bazara gələn alıcıların çoxu aldığı məhsulları daha ucuz əldə edəcəyi düşüncəsi ilə gəlsələr də tamam başqa vəziyyətlə qarşılaşırlar. Bir neçə alıcı arasında keçirdiyimiz sorğunun nəticəsində bəlli oldu ki, yarmarkadakı qiymətlər heç də bazar qiymətindən fərqlənmir. Hətta bəzi alıcılar "8-ci kilometr" bazarındakı qiymətlərin yarmarka qiymətindən daha ucuz oluğunu bildirdi. "Artıq bir neçə bazardır ki, yarmarkaya gəlirəm. Bir neçə tərəvəz var ki, onların qiymətini bilirəm və bazarla müqayisə aparıram. "Vasmoy" bazarında olan qiymətlərlə müqayisədə bura daha bahadır. Halbuki burada qiymətlər daha ucuz olmalı idi. Bildiyim qədər yarmarkanın əsas missiyası bu olmalıdır. Yəni, əhalinin büdcəsinə qənaət etmək. Ancaq təəssüf ki, belə deyil. Məsələn, kələmin kiloqramını burada 40 qəpiyə, almanın kiloqramını isə 1 manata verirlər. Halbuki "vasmoy" bazarında bu qiymətlərdən 15-20 qəpik daha ucuz təklif edirlər". Yarmarkadakı satıcılarla da həmsöhbət olduq. Alıcıların yarmarkadakı bahalıqdan şikayətləndiklərini onlara bildirdik. Əksər satıcılar yarmarkada bahalıq olmadığını bildirsələr də, bir neçə satıcı bunun əksini dedi: "İlk öncə bildirim ki, bu bazarın adı kənd yarmarkası adlansa da, əslində 80 faizi şəhər alverçiləridir. Rayondan meyvə-tərəvəz gətirən azsayda satıcı görərsiniz. Mən meyvə satışı ilə məşğul oluram. Öz həyətimin və yaxın qonşuların məhsulunu bazara satmağa gətirmişəm. Demək olar ki, hamısını satmışam. 3-4 kiloqram alma qalıb. Onu da bir neçə dəqiqəyə satacam. Ancaq diqqət etsəniz mənimlə qonşu olan piştaxtalarda Bakı alverçiləri işləyir. Ancaq məhsulun yarı hissəsi qalır. Onları da qınamaq olmaz. Hamı çörəkpulu üçün gəlib. Yarmarkaya Bakıdakı bazarlardan, hətta "8-ci kilometr" bazarından mal gətirirlər. Digər tərəfdən isə şəhər alverçiləri yarmarkada tutduqları yerə görə icarə haqqı ödəyirlər. Yəni, həm yer haqqı ödəmlidirlər, həm də xərclədikləri mayanı çıxarmalıdırlar. Buna görə də məhsulu baha satışa qoymalı olurlar. Lakin icarə haqqı rayonlardan mal gətirən fermerlərə şamil edilmir. Kənd Təsərrüfatı Nazirliyi Rayon İcra Hakimiyyətinin verdiyi icazə sənədini yoxladıqdan sonra bizi yarmarkaya buraxır". Bazarda apardığımız qısa araşdırma da göstərdi ki, yarmarkada qiymətlər bir qədər bahadır. Balıqların qiyməti bazarlarla müqayisədə 1 manat bahadır.

Bazarda kiloqramı 6 manata satılan "Belamur" balığı yarmarkada 6.50- 7 manata, 5 manata satılan sazan balığı isə 6 manata təklif olunur.

Digər meyvə və tərəvəzlərin qiymətində də fərq müşahidə edilir. Tərəvəzlərdə qiymət fərqi nəzərəçarpacaq dərəcədə olmasa da, meyvələrdə hiss olunur. Meyvələrdən bananın kiloqramı 3 manat, portağal 1 manat 80 qəpik, kivi 3 manat, narıngi 2 manat 50 qəpikdir. Halbuki bazarda bu meyvələri 50-80 qəpik ucuz almaq mümkündür. Yarmarkanın tərəvəzlərin topdan satıldığı hissədə satıcılarla həmsöhbət olduq.

Öyrəndik ki, yarmarkada şənbə və bazar günü hər yük maşını üçün 100 manat yer haqqı ödənilir. Bir qədər balaca maşınlar üçün isə 30 manat yer haqqı alınır.

Onu da öyrəndik ki, yarmarkanın topdansatış hissəsində olanların əksəriyyəti "8-ci kilometr" bazarı və paytaxtın digər bazarlarından gələn alverçilərdir.