Bəzi qidalar enerji vermək əvəzinə əksinə, süstlük və halsızlıq yarada bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssislər iş qabiliyyətinə mənfi təsir göstərən bir sıra məhsulları açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, düzgün seçilməyən qidalar gün ərzində enerjinin azalmasına səbəb ola bilər.

Banan
Səhər yuxululuğunu azaltmağa kömək etsə də, çox miqdarda qəbul edildikdə əks təsir göstərərək süstlük yarada bilər.

Yoğurt
Tərkibində olan triptofan melatonin və serotonin hormonlarının sintezini artırır. Bu maddələr təbii sakitləşdirici təsir göstərir və yuxululuq yarada bilər.

Qəhvə
Qısa müddətdə enerji versə də, təsiri tez azalır. Bundan əlavə, orqanizmin susuzlaşmasına səbəb ola bilər ki, bu da diqqətin azalması və zəiflik hissi yaradır. Həkimlər qəhvədən sonra mütləq qazsız su içməyi tövsiyə edirlər.

Albalı şirəsi
Albalı təbii melatoninlə zəngindir. Bu səbəbdən şirəsi güclü yuxu istəyi yarada bilər.

Süd məhsulları
Yaş artdıqca süd zülalına qarşı həssaslıq yarana bilər ki, bu da enerji azalmasına və halsızlığa səbəb olur.

Qoz-fındıq
Maqneziumla zəngindir. Bu mineral yuxu prosesinin tənzimlənməsində mühüm rol oynayır.

Yağlı ət
Həzm prosesi uzun çəkir və orqanizmdən daha çox enerji tələb edir. Nəticədə insan özünü yorğun hiss edə bilər.

Un məmulatları və şirniyyat
Qanda qlükozanın səviyyəsini sürətlə yüksəldib sonra kəskin şəkildə aşağı salır. Bu isə halsızlıq və yuxululuq yaradır.