Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşdiyi və müxtəlif ərazilərimizdə onların daimi və müvəqqəti məskənlərinin olması nəzərə alınaraq, yüksək patogen quş qripi (YPQQ) xəstəliyinə görə dövri olaraq epizootoloji monitorinqlər keçirilir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Respublika ərazisini bu xəstəlikdən qorumaq məqsədilə, 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında epizootoloji monitorinqlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb. 2022-ci ilin 7-11 fevral tarixlərində AQTA tərəfindən təşkil olunmuş epizootoloji monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 46 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu müddətdə Bakı şəhəri, Abşeron, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Masallı, Cəlilabad, Beyləqan və İmişli rayonlarındakı 12 sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 120 baş quşdan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 353 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş qripi xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb olur.