"Nestle" şirkətin, kronobakteriya riski səbəbindən körpələr üçün nəzərdə tutulan süni qidalarını geri çağırıb. Foodinfo.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunur. Bildirilir ki, bakteriya təsirinə məruz qalan məhsul EXPERT PRO HA 1, bizim "NAN" kimi tanıdığımız uşaq qidasının satışa çıxarıldığı ölkədən asılı olaraq müxtəlif partiya nömrələri var.

Aİ-nin Qida və Yem üçün Sürətli Xəbərdarlıq Sistemi (RASFF) haqqında bildirişə əsasən, Almaniyadan gələn süni qidalar Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Finlandiya, Yunanıstan, Macarıstan, Norveç, Polşa, Rumıniya, Slovakiya və İsveçə göndərilib.

Araşdırmalar nəticəsində satış üçün paylanan məhsullarda heç bir bakteriya aşkar edilmədiyi və körpə qidalarının qəbulu ilə bağlı heç bir xəstəlik qeydə alınmadığını bildirilib.

“Geri çağırma məhsul keyfiyyəti və təhlükəsizlik protokollarımızın bir hissəsi olaraq ehtiyat tədbiri kimi qəbul edilir. Körpələrin sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Təxmin edirik ki, istehlakçılara yalnız bir neçə məhsul satılıb”, - deyə şirkətin bəyanatında bildirilir.

Kronobakter sakazaki, əsasən iki aylıqdan kiçik və vaxtından əvvəl doğulmuş, immun sistemi zəifləmiş və ya çəkisi az olan körpələrdə xəstəliyə səbəb ola bilən patogen bakteriyadır. Bu bakteriya təbii olaraq ətraf mühitdə formalaşır və nəmliyi az olan quru qidalarda, məsələn, toz halında olan süni süd, bitki çayları və nişastalarda yaşaya bilir.

Körpələrdə infeksiya ilə bağlı əlamətlər zəif qidalanma, əsəbilik, temperaturun dəyişməsi, sarılıq, xırıltılı nəfəsalma və ya anormal bədən hərəkətləri ola bilər.