Mətbəxdə ən çox narahatlıq yaradan hallardan biri soğan doğrayarkən gözlərin yaşarmasıdır. Mütəxəssislər bu problemin qarşısını almaq üçün sadə və effektiv üsullar təklif edirlər.

Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, soğanın tərkibində olan kükürd birləşmələri doğrama zamanı havaya yayılaraq gözləri qıcıqlandırır və bu da yaşarmağa səbəb olur. Bu proses bütün soğan növlərində müşahidə olunur.

Mütəxəssislərin sözlərinə görə, ilk vacib məqam iti bıçaqdan istifadə etməkdir. Küt bıçaq soğana daha çox təzyiq göstərir və nəticədə daha çox şirə ifraz olunur ki, bu da gözlərin daha çox qıcıqlanmasına səbəb olur.

Ən effektiv üsullardan biri isə soğanı doğramazdan əvvəl qısa müddətlik dondurucuya qoymaqdır. Təxminən 10 dəqiqə dondurulan soğanın strukturu dəyişir və göz yandıran maddələrin havaya yayılması azalır. Bu da doğrama prosesini xeyli rahatlaşdırır.

Bundan əlavə, soğanı bərabər ölçüdə doğramaq və orta temperaturda kifayət qədər yağda bişirmək tövsiyə olunur. Bu, həm dadın yaxşılaşmasına, həm də yeməyin keyfiyyətinə müsbət təsir edir.

Mütəxəssislər qeyd edir ki, sadə mətbəx üsullarını tətbiq etməklə həm yemək hazırlamaq daha rahat olur, həm də gündəlik narahatlıqlar minimuma endirilə bilər.