İnsanların çoxu səhər yeməyində nə yediyinə xüsusi diqqət yetirmir, halbuki günün ilk qidası sağlamlığa birbaşa təsir edir. Mütəxəssislər bildirir ki, bəzi populyar səhər yeməkləri immun sistemini zəiflədə bilər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloqlar Lauren Manaker və Courtney D'Angelo səhər yeməyində tez-tez edilən səhvləri açıqlayıblar. Onların sözlərinə görə, bir çox insan səhər saatlarında şəkərli və ya ağır qidalara üstünlük verir ki, bu da orqanizmin müdafiə mexanizmini zəiflədir.

Mütəxəssislər ilk olaraq həddindən artıq şirin səhər yeməklərindən uzaq durmağı tövsiyə edir. Şirniyyatlar, şokoladlı tostlar və şəkərli dənli məhsullar qanda şəkərin sürətlə artmasına səbəb olur və zamanla immun hüceyrələrin fəaliyyətinə mənfi təsir göstərir.

Digər səhv yalnız meyvə ilə səhər yeməyi etməkdir. Meyvə faydalı olsa da, həddindən artıq qəbul edildikdə bədəndə artıq şəkər yığılmasına gətirib çıxarır. Bu isə enerji balansını poza və immuniteti zəiflədə bilər.

Qızardılmış yumurta və bekon kimi yağlı səhər yeməkləri də riskli hesab olunur. Həddindən artıq qızartma zamanı yaranan zərərli maddələr uzunmüddətli perspektivdə sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər qaynadılmış yumurtaya üstünlük verilməsini məsləhət görür.

Axşamdan qalan pizza və ya fastfud məhsullarını səhər yeməyində istifadə etmək də düzgün seçim deyil. Bu cür qidalar həm ağır həzm olunur, həm də orqanizmə əlavə yük yaradır.

Bundan əlavə, həddindən artıq duzlu səhər yeməkləri də immun sisteminə mənfi təsir edir. Duzun çox qəbulu bədəndə iltihabi prosesləri artıra bilər və ümumi sağlamlığı zəiflədə bilər.