
Son illər mobil telefonların istifadəsi artdıqca onun sağlamlığa təsirləri ilə bağlı suallar da çoxalır.
Foodinfo.az bildirir ki, xüsusilə qaranlıqda uzun müddət telefona baxmaq həm gözlərə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
Qaranlıq mühitdə ekran işığı göz bəbəklərinin həddindən artıq genişlənməsinə səbəb olur. Bu isə gözlərin tez yorulmasına, quruluq və qıcıqlanma hissinə gətirib çıxarır. Uzun müddət davam etdikdə görmə zəifliyi və hətta baş ağrıları da meydana çıxa bilər.
Tədqiqatçılar bildirirlər ki, qaranlıqda parlaq ekrana baxmaq melatonin hormonunun ifrazını azaldır. Bu hormon yuxu rejiminin tənzimlənməsində əsas rol oynayır. Ona görə də gecə saatlarında telefondan istifadə yuxusuzluğa və orqanizmin istirahət ritminin pozulmasına səbəb ola bilər.
Bundan əlavə, qaranlıqda mobil telefona çox baxmaq boyun və kürək nahiyəsində ağrılara da yol aça bilər. Çünki bu zaman düzgün olmayan oturuş və uzunmüddətli eyni vəziyyət əzələ-skelet sisteminə mənfi təsir göstərir.
Mütəxəssislər qaranlıqda telefondan istifadənin minimuma endirilməsini və ekran işığının xüsusi “gecə rejimi” funksiyası ilə tənzimlənməsini tövsiyə edirlər. Həmçinin hər iyirmi dəqiqədən bir qısa fasilə vermək gözlərin qorunması baxımından faydalıdır.