Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” və Almaniyanın "Deutsches Referenzbüro für Ringversuche und Referenzmaterialien" (DRRR) şirkətləri tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağlarında iştirak edib. Laboratoriya müvafiq olaraq çili bibər tozu nümunəsində ağır metalların Kadmium (Cd), Mis (Cu), Qurğuşun (Pb) təyini və tomat nümunəsində sorbin və benzoy turşularının təyini, pH təyini və həll olunan bərk maddələrin təyini üzrə aparılan fiziki-kimyəvi sınağlarda uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, ARSL bundan əvvəl də Fransanın “Bipea”, Böyük Britaniyanın “Fapas” və ”LGC standard” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr göstərib. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.