Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Fransanın “Bipea” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya buğda nümunəsində düşmə ədədi, natura, küllülük, sedimentasiya dəyəri, qluten indeksi, yaş qluten indeksi və min ədəd buğda çəkisi parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, ARSL bundan əvvəl də Fransanın “Bipea”, Böyük Britaniyanın “Fapas” və ”LGC standard” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.