Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
Foodinfo.az xəbər verir ki, AQTİ-nin mütəxəssisləri tərəfindən növbəti təlim Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən “Ramse” MMC-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilən təlim “Ramse” MMC-nin əməkdaşlarına müəssisənin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Təlimdə iştirakçılar “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. Onlara müəssisədə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
Təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.