Havanın temperaturunun artması ilə dondurmaya tələbat artıb.

Sağlamlıq və gigiyena qaydalarına uyğun istehsal edilən dondurmaların tərkibindəki zülal, kalsium və fosfor sayəsində yüksək qidalı olduğunu deyən mütəxəssislər bu şərtlərə cavab verməyən və təbii tərkib hissəsi olmayan dondurmalara görə istehlakçılara xəbərdarlıq ediblər.

 Foodinfo.az xəbər verir ki, tərkibində yüksək fruktoza olan dondurmalar istehlak edilərkən porsiya nəzarətinin təmin edilməsi vacibdir. Tərkibindəki süni qida boyalarının hiperaktiv uşaqlara təsir etdiyi və hiperaktivliyi olmayan uşaqlarda belə davranış pozğunluqlarına səbəb olduğu məlum olmuşdur.

Dondurma istehsalında emal və saxlama zamanı itirilən təbii rəngi qaytarmaq, bəzən keyfiyyətsizliyini gizlətmək üçün qida boyalarından və rəngləndiricilərdən istifadə edilir. Süni qida boyaları təbiətdə hazır yoxdur, bunlar kimyəvi sintez yolu ilə istehsal olunur. Bu süni qida boyaları ən çox astma, ürtiker, angionevrotik ödem, ekzema və hiperaktiv uşaqlar kimi allergik mənşəli xəstələrə təsir göstərir. 

Dondurmanın səthində buz kristallarının olmamasına diqqət yetirin. Çünki bu onu göstərir ki, dondurma əriyib yenidən donmuş ola bilər və orada qida zəhərlənməsinə səbəb olan bakteriyaların çoxalması üçün mühit yarana bilər. Bu səbəbdən dondurma alarkən etibarlı brendlərə və satıcılara müraciət etmək lazımdır.

 Yaxşı keyfiyyətli dondurma ən az 10-15 dəqiqə otaq temperaturunda ərimədən qalmalı, əriyəndə hamar homojen maye halına gəlməlidir. Keçi südü və saleplə hazırlanan Maraş dondurması ən orijinal və keyfiyyətli dondurmalardan biridir.

 Dondurma istehlak edilərkən porsiya nəzarəti təmin edilməzsə, tərkibindəki fruktoza yüksək olduğu üçün uşaq və böyüklərdə qaraciyərin yağlanmasına səbəb ola bilər. Bu səbəblə qablaşdırılmış dondurmaya alternativ olaraq evdə mövsüm meyvələri, süd və qatıqdan istifadə edilərək sağlam dondurma alternativləri yaradıla bilər.