Limon turşusu ilə saçlarınızın rəngini asanlıqla və təhlükəsiz şəkildə aça bilərsiniz.

Foodinfo.az sarışın olmaq istəyən xanımlara xəbərdarlıq edir ki, kimyəvi maddələrlə, xüsusən də təkbaşına saç saraltmaq təhlükəlidir. Saçlar ciddi şəkildə yana və qırılmağa başlaya bilər.

Təbii təsiri olan, daha təhlükəsiz üsul limon suyudur. Həm əlçatan olan, həm də rahat istifadə olunan limon suyu saça zərər vermir və allergik reaksiyaya səbəb olmur.

Limon turşusu günəş şüalarının təsiri nəticəsində saçdan melanini çıxarır. Nəticədə, saçlar bir neçə ton daha açıq olur.

Orta uzunluqlu saçlarda nəticə əldə etmək üçün 2-3 limonun suyuna ehtiyac var. Turşuluğu və həddindən artıq quruma riskini azaltmaq üçün onu 1:1 nisbətində su ilə qarışdırmaq lazımdır.

Saçlar bu məhlulda tam isladılmalıdır, sonra günəş altında azı 30-60 dəqiqə qalmaq lazımdır ki, limon turşusu "işini görsün". Bundan sonra saçları şampunla yumaq, kondisioner və ya qidalandırıcı maskadan istifadə etmək vacibdir. Bununla onlar əlavə olaraq nəmlənəcək və gələcəkdə zədələnməyəcək.

Lakin nəzərə almalısınız ki, istədiyiniz tonu dərhal əldə edə bilməyəcəksiniz. Bunun üçün həftədə maksimum bir dəfə istifadə etməklə bir neçə seansa ehtiyac var. Daha çox istifadə etdikdə saçlarınız quruya, nəticədə də parlaqlığını və sağlamlığını itirə bilər.