Rusiyalı alimlər "ağıllı" parça hazırlayıblar. Bu örtük nəbzi, nəfəs alma dərinliyini və digər parametrləri ölçə bilir, rütubət və istilikdən qorxmur.

Foodinfo.az xəbər verir ki, “ağıllı” geyim, ayaqqabı və çantalar yaratmağa imkan verəcək elektrik keçirici parçaların yaradılması üçün yeni texnologiya Kosıgin adına Rusiya Dövlət Universitetinin (RDU) alimləri tərəfindən hazırlanıb.

Universitet mütəxəssisləri karbon nanoborucuqlarından tekstil materiallarına tətbiq oluna bilən nazik plyonkalar hazırlayıblar. Bu plyonkalar cərəyan və istilik keçirə bilən və karbon atomlarından ibarət uzun silindrik molekullardan təşkil olunub. Bu, həmçinin, planetin ən davamlı materialı hesab olunur, ona görə də plyonkalar müxtəlif mexaniki gərginliyə, ütülənməyə və yuyulmağa davamlıdır.

Alimlər bildirirlər ki, belə elektrik keçirici örtüklər müxtəlif məqsədlərlə, məsələn, termal geyim və ayaqqabı, eləcə də sensor örtüklər yaratmaq üçün istifadə edilə bilər. Onlar nəbzi, tənəffüsün dərinliyini, əzələ aktivliyini və digər göstəriciləri ölçə biləcək.

Dünyanın bir çox universitetləri də "ağıll"ı parçalar hazırlamaq üzərində çalışır. Məsələn, Kanadanın Vaterloo Universitetində istilik və elektrikə reaksiya verən material yaradılıb. Parça qızdırıldıqda və elektrik cərəyan tətbiq edildikdə rəngini dəyişir və formasını bərpa edir. Bu ixtira virtual reallıqda faydalı ola bilər, çünki bu materialdan hazırlanan geyim ətraf mühitlə təmasdan yaranan hissləri təqlid edə bilir.

Fərid