Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakı ofisinin nümayəndələri arasında görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə "7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü" ilə əlaqədar əhalinin və ictimaiyyətin maarifləndirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub. "Qida təhlükəsizliyi hamının işidir" şüarı altında keçirilən tədbirlərlə bağlı birgə çap materialları, videoçarxların hazırlanması, kütləvi informasiya vasitələrinin nümayəndələri arasında təlimlərin keçirilməsi və PR layihələrin icrası ilə əlaqədar ilkin razılıq əldə olunub. Daha sonra bu sahədə əməkdaşlıq istiqamətləri və perspektivlərə dair fikir mübadiləsi aparılıb.