Ağqanadlılar fəsiləsinə mənsub pambıq (tütün) ağqanadlısı (Lat.- bemisia tabaci gennaddias) dünyada çox geniş yayılmış karantin zərərvericisidir. Zərərverici ilk dəfə 1889-cu ildə Yunanıstanda tütün bitkisində təsbit edilib. Pambıq (tütün) ağqanadlısı 1928-ci ildə Türkiyədə də aşkarlanıb və daha sonra bu ölkənin ərazisində geniş yayılıb. Zərəverici İngiltərə, Macarıstan, Bolqarıstan, Finlandiya, Rusiya və Litvada da qeydə alınıb.
Pambıq (tütün) ağqanadlısı Azərbaycanda 2007-ci ildən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına salınıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına 2019-2020-ci illər ərzində daxil olan bitki və bitkiçilik nümunələrində bu zərərverici aşkar edilməyib. 2021-ci ildə isə laboratoriyaya daxil olan 19569 nümunənin 23-də bemisia tabaci müəyyən olunub. Lakin bu məqsədlə təyin edilmiş rayonlar üzrə aparılan monitorinqlər zamanı sözügedən zərərverici aşkar edilməyib. 2022-ci ilin II rübünədək laboratoriyaya daxil olan nümunələrdə də bemisia tabaci müəyyən olunmayıb.
Pambıq (tütün) ağqanadlısı çox sayda sahib bitki növlərində rast gəlinən polifaq zərərvericidir. Zərərvericinin 90-dan çox fəsiləyə mənsub 800-ə yaxın mədəni və yabanı növ bitkiyə zərər vurduğu müəyyən edilib. Pambıq (tütün) ağqanadlısının yayılma arealı genişləndikcə zərər vurduğu bitkilərin sayı da artır.
Zərərvericinin sahib bitkilərinə tütün, pambıq, kartof, pomidor, xiyar, badımcan, bibər kimi bitkilər aiddir. Bundan başqa, zərərverici 20-ə qədər virusun əsas vektoru sayılır.
Pambıq (tütün) ağqanadlısı sürətlə çoxalan, pestisidlərə davamlı zərərvericidir. Həşəratın ölçüsü 1,5 mm-dən böyük deyil, gövdəsi sarı, ayaqları və bığcıqları isə açıq sarı rəngdədir, qanadları ağ tozcuqlarla örtülüdür. Həşərat rütubətin və yüksək temperaturun mövcud olduğu sahələrdə və ya istixanalarda böyük təhlükə yaradır. Yüksək temperaturda (təxminən 30°C) yetkin dişi fərd 10-15 gün, qışda isə bir aydan iki aya qədər yaşaya bilir. Sahib bitkisi olmadan, yəni boş istixanalarda belə yetkin fərd aşağı temperaturda bir neçə həftə yaşayır, lakin 0°C-dən aşağı temperaturda məhv olur. Zərəverici bir il ərzində 11-15 nəsil verə bilir.
Pambıq (tütün) ağqanadlısı yumurta və pup mərhələsi istisna olmaqla, bütün inkişaf dövrü boyunca bitkilərin şirəsini sormaqla qidalanır. Nəticədə yarpaqların səthində xlorotik ləkələrin əmələ gəlməsinə və rənginin dəyişməsinə, çiçəklərin yararsız hala düşməsinə səbəb olur, eləcə də pambıq liflərinin emalında problemlər yaradır. Zərərvericinin təsirinə məruz qalan yarpaqlar sarı rəng alır, getdikcə quruyur və tökülür. Qeyd edək ki, zərərverici ilə sirayətlənmə bitkinin böyüməsinə, məhsulun keyfiyyətinə və məhsuldarlığına da ciddi təsir edir.
Pambıq (tütün) ağqanadlısının vaxtında aşkarlanması və qarşısının alınması üçün istixana komplekslərində və digər qapalı yerlərdə zərərvericinin məhv edilməsi üçün bir sıra fitosanitar tədbirlər həyata keçirilməlidir. Zərərverici alaq otlarında qışladığı üçün sahib bitkilərin ətrafındakı alaq otları ilə mübarizə aparılmalı və sağlam tinglərdən, şitillərdən istifadə edilməlidır.