
Sümüklü balıq konservi bir çox insanın gündəlik qidasında yer tutur. Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu məhsul düzgün hazırlandıqda insan sağlamlığı üçün tam təhlükəsizdir və hətta faydalıdır.
Qidalanma üzrə mütəxəssis Rima Klayner bildirib ki, balıq konservləri adətən yüksək temperatur və təzyiq altında emal olunur. Bu proses zamanı sümüklər tam yumşalır, asanlıqla çeynənir və orqanizm tərəfindən mənimsənilir.
Mütəxəssis qeyd edir ki, belə emal zamanı sümüklərin tərkibindəki kalsiumun quruluşu dəyişir və onlar insan orqanizmi üçün təhlükəsiz hala gəlir.
Balıq konservlərində olan sümüklər əsasən bioloji mənimsənilən kalsium, fosfor və D vitamini ilə zəngindir. Bu baxımdan, sardina, ançous və qızılbalıq kimi növlər xüsusilə faydalıdır.
Sümüklü balıq konservləri həmçinin bor elementi ilə də zəngindir. Bu mikroelement orqanizmdə estrogenin fəaliyyətini tənzimləyir və sümüklərin sağlam qalmasına kömək edir.
Bununla belə, udma problemi olan, qastroezofageal reflüks xəstəliyi (GERB) ilə yaşayan və 3 yaşdan kiçik uşaqların sümüklü balıq konservlərindən uzaq durması məsləhətdir.
Mütəxəssislər xəbərdarlıq edir ki, əgər balığın sümükləri tam yumşalmayıbsa və çəngəllə asan parçalanmırsa, belə konservləri yemək düzgün deyil.
Ümumilikdə isə, keyfiyyətli şəkildə hazırlanmış balıq konservləri həm təhlükəsiz, həm də yüksək qida dəyərinə malikdir – bu məhsul tərkibində zülal, omeqa-3 yağ turşuları, kalsium, selen və koenzim Q10 saxlayır.