Taylandlı həkimlər koronavirusa qarşı dərman qəbul etdikdən sonra uşaqda qeyri-adi yan təsir qeydə alıblar.
Foodinfo.az report-a istinadən xəbər verir ki, bu barədə "Frontiersin.org" məlumat yayıb.
Belə ki, şiddətli öskürək və qızdırma ilə Banqkok klinikalarından birinə altı aylıq körpə yerləşdirilib. Koronavirus testi müsbət nəticə verib və həkimlər uşağa xüsusi dərman təyin ediblər.
Körpənin anası müalicəyə başladıqdan 18 saat sonra oğlunun qəhvəyi gözlərinin bənövşəyi rəngə çevrildiyini görüb. Qorxudan qadın həkimlərə müraciət edib.
Həkimlər qadına izah ediblər ki, körpənin qəbul etdiyi dərmanın tərkibində olan flüoresan kimyəvi maddəsi onun gözünün buynuz qişasında yığılıb.
Həkimlər müalicə rejimini dəyişdirməyiblər, çünki terapiyanın uşağın orqanizminə heç bir mənfi təsiri olmayıb. Müalicə bitdikdən beş gün sonra hər şey normala dönüb.