Respublika üzrə epizootiya əleyhinə fövqəladə komissiyanın iclası keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə keçirilən iclasda Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib. Foodinfo.az xəbər verir ki, iclasda çıxış edən AQTA sədrinin müavini, Respublika üzrə epizootiya əleyhinə fövqəladə komissiyanın sədri Balarəhim Quliyev respublika ərazisində  xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydaların müəyyənləşdirilməsi, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsi, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi göstərişlərin verilməsinin AQTA-nın vəzifələrindən olduğunu diqqətə çatdırıb. İclasda heyvan və insanlar üçün təhlükəli olan xəstəliklərə qarşı mübarizə işlərinin vəziyyəti, konkret təklifləri hazırlanaraq həyata keçirilməsi və respublika epizootiya əleyhinə fövqəladə komissiyanın tədbirlər planının layihəsi müzakirə olunub.