Fransanın ev sahibliyi etdiyi Kodex Alimentarius Komissiyasının Ümumi Prinsiplər Komitəsinin 32-ci virtual sessiyası keçirilib. Foodinfo.az xəbər verir ki, sessiyada 94 üzv ölkəni, bir üzv təşkilatı (Avropa Birliyi) və 24 müşahidəçi təşkilatını təmsil edən 481 nümayəndə iştirak edib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə dəvət məktubu ünvanlanıb, sözügedən sessiyada Codex Alimentarius Komissiyasının (Codex Alimentarius Commission) ölkə üzrə milli əlaqələndiricisi, Beynəlxalq əlaqələr və Protokol şöbəsinin müdiri Fuad Mərdiyev, Qida təhlükəsizliyi şöbəsinin Qida təhlükəsizliyinin tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun aparıcı məsləhətçisi Səbinə Əsgərova iştirak edib. Sessiyada Komissiyanın işinin təkmilləşdirilməsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Kodex Komissiyasının Ümumi Prinsipləri və prosedur qaydaları, Kodeks standartlarına edilən əlavə və dəyişikliklər, Kodeks standartlarından istifadə üzrə monitorinqlər, 2020-2025-ci illər üzrə Kodeks Strateji Planında nəzərdə tutulan fəaliyyətlər, COVID-19 pandemiyası ilə bağlı tədbirlər, ticarətin asanlaşdırılması sahəsində əməkdaşlıq imkanları və bir çox əlaqədar məsələlər üzrə müzakirələr aparılıb. Məlumat üçün bildiririk ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan Respublikası 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilib. [gallery ids="34853,34854"]