Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Foodinfo.az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Bitki sağlamlığı şöbəsinin mütəxəssisi Nəzrin Sairbəylinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə məhsuldarlığa ciddi ziyan vuran meyvə ağaclarının bakterial yanığı xəstəliyi haqqındadır.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi ilk dəfə Şimali Amerikada qeydə alınıb. 1960-cı ildən başlayaraq isə Avropa və Orta Şərqdə daha geniş yayılıb. Qeyd edək ki, karantin statusuna görə Cənubi və Şərqi Afrikada, Argentina, Braziliya, Çili, Bəhreyn, Çin, Özbəkistan, Belarusiya, Gürcüstan, Moldova kimi ölkələrdə A1, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Avrasiya İqtisadi Birliyində isə A2 siyahısına salınıb. Azərbaycanda ilk dəfə 2019-cu ilin may ayında Zaqatala-Balakən bölgəsindən AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasına daxil olmuş alma və armud ağacının nümunələrində aşkar edilib.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinə Gülçiçəklilər fəsiləsinə aid olan 37 cins və 128 növə məxsus meyvə bitkisində rast gəlinir. Azərbaycan florasında mövcud olan meyvə bitkilərindən alma, armud, heyva, əzgil, ərik, adi gavalı, böyürtkən, moruq, alça, çiyələk, dovşanalması, yapon əzgilinə və digərlərinə daha çox ziyan vurur. Xəstəliyin adından da aydın olduğu kimi, ən tipik əlaməti infeksiyalı bitkinin oddan yanmış bir görünüş almasıdır. Belə ki, rütubətli havada yoluxmuş hissələrdə açıq-sarımtıl rəngli südəbənzər şirə meydana gəlir. Şirə quruyan zaman almada kəhrəba, armudda isə qəhvəyi rəngə çevrilir. Bu şirə xəstəliyin ən xarakterik əlamətidir. Bitkinin bütün yerüstü hissələri patogenlə sirayətlənə bilir. Bu zaman tumurcuq və çiçəklər məhv olur. Məhv olmuş çiçəklər quruyaraq tünd-qəhvəyi və ya qara rəng alır. Adətən bitkiyə yapışmış halda qalır. Həmçinin tumurcuqların da qaralması və uzun müddət zoğa birləşmiş vəziyyətdə qalması müşahidə edilir. Sirayətlənmiş cavan zoğ və budaqlar qəhvəyi rəng alır, ya da bir çox hallarda ucları xarakterik formada qatlanır, quruyub məhv olur.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin inkişafı üçün optimal şərait 27-30° C, minimum 3-8° C, maksimum 37° C temperaturdur. Havanın temperaturu 28° C olduqda bakteriyanın inkubasiya dövrü 4-7 günə bərabərdir. Qeyd edək ki, bakteriyalar 43,7-50° C temperaturda məhv olur. Spor əmələ gətirmir.
Xəstəlik törədicisinin yayılması yağış, külək, arılar, həşəratlar, eləcə də aqrotexniki alət və avadanlıqlar, yoluxmuş tinglər vasitəsilə baş verir. Xüsusən də yağış xəstəliyin bitkinin sirayətlənmiş hissəsindən sağlam hissəsinə yayılmasında böyük rol oynayır. Külək isə bakteriya qamçılarının bağ ərazisində ağacdan-ağaca və daha uzaq məsafələrə yayılmasına təsir göstərir. Sirayətlənmiş bitkinin toxumundan başqa bütün orqanları meyvə ağaclarının bakterial yanığı xəstəliyinin yayılma mənbəyi hesab olunur. Belə ki, sirayətlənmiş bitkinin vegetasiyası dövründə çiçəklər (yoluxmuş tozcuqlar, ekssudat hissəcikləri), budaqlar (zədələnmiş toxumalardan və ya budama zamanı daxil olan) və ya pazşəkilli yaralar patogenin potensial daşıyıcısıdır.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi alma, armud və digər meyvə bitkilərinin tinglərinin ticarəti üçün fitosanitar risk yaradır. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə patogenin aşkarlandığı ölkələrdə bir çox ciddi karantin tədbirləri həyata keçirilir. Bir ölkə üçün meyvə ağaclarının bakterial yanığı xəstəliyinin aşkar edilməsi orada ting istehsalı və ixracı üçün böyük əngəl hesab olunur.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi həssas sahib bitkilərin həm özünə, həm də məhsuluna əhəmiyyətli dərəcədə ziyan vurur. Bu patogen sürətlə yayılaraq, mövsüm ərzində böyük iqtisadi itkiyə səbəb olur. Hətta növbəti ildəki məhsuldarlığa da təsir göstərir. Əlverişli hava şəraitində, çiçəklənmə mərhələsində yoluxduqda məhsul itkisi daha da artır.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinə qarşı mübarizə məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, davamlı sortlardan, sertifikatlı ting və calaqlardan istifadə edilməlidir. Həmçinin sirayətlənmiş sahələrdə sahib bitkilərdən çilik, qələm, anac kimi çoxalma materialları götürülməməlidir. Quru hava şəraitində xəstə budaqlar yoluxmuş hissədən azı 30-40 sm altdan kəsilərək bağdan çıxarılmalı və yandırılmalıdır. İri budaqlar kəsilən zaman budanmış yerlərə 10 %-lik NaClO (Natrium hipoxlorid - ağardıcı) və bağ məlhəmi vurulmalıdır. Bıçaq, mişar, qayçı və digər alətlər budamadan sonra 3 %-lik Lizol və ya 10 %-lik Natrium hipoxlorid məhluluna batırılaraq dezinfeksiya edilməlidir. Bundan başqa, bir çox həşərat növü xəstəlik törədicisinin vektoru olduğundan zərərvericilərə (xüsusilə Cacopsylla pyricola, C.pyri, Lygus lineolaris) qarşı effektiv mübarizə aparılmalıdır. Arılar da xəstəliyin yayılmasında böyük rol oynadığından bağ sahələrində arı pətəkləri saxlanılmamalıdır.
Qeyd edək ki, meyvə ağaclarının bakterial yanığı xəstəliyinə qarşı kimyəvi mübarizə üsulları belə onun tamamilə aradan qaldırılmasında səmərəli deyildir. Bu istiqamətdə yeganə mübarizə üsulu yoluxmuş hissələrin məhv edilməsindən ibarətdir.
Son xəbərlər
- Niyə yemədən öncə xurmanın üzərinə qaynar su tökmək lazımdır?
- Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib
- AQTA sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
- Alimlər şəkər və yağlı ətdən daha zərərli qidaları açıqlayıb
- Ballı çay şəkərli çaydan daha faydalıdırmı?
- 47 dollara toyuq döşü, 8 dollara bir banka qəhvə: Arktikada həyat nə neçəyədir?