Ekosistemin tarazlığının qorunmasında mühüm rol oynayan arılar əvəzedilməz müalicəvi xüsusiyyətə malik məhsullar istehsal edən canlılar kimi tanınır. Bu məhsullar içərisində güclü stimullaşdırıcı xüsusiyyətə malik olan arı südü mühüm yer tutur. Arı südü gənc işçi bal arılarının (Apis mellifera) alt çənə və boğaz vəzilərinin (hidrofaringeal vəzilər) ifraz etdiyi, kəskin turş dada malik, süd rəngli mayedir. Ana arılar (kraliça) həyatları boyunca (5-6 il) arı südü ilə qidalanır. İşçi arı 6-7 həftə yaşadığı halda ana arının uzunömürlü olması arı südünün möcüzəvi təsirini təsdiq edir. Foodinfo.az AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri R. Kəngərli və Ş. Məmmədova tərəfindən hazırlanan məqaləni təqdim edir: Arı südü tərkib etibarilə kalium, kalsium, maqnezium, sink, dəmir, mis və s. mineral maddələr, vitaminlər (B1, B2, B3, B6, B5, B7, B9 və C vitamini), hormonlar (estradiol, testosteron, progesteron), karbohidratlar (qlükoza, fruktoza, saxaroza), sərbəst aminturşuları və qan zərdabı zülallarına yaxın olan zülallar (albumin və globulinlər) daxil olmaqla ümumilikdə 110 müxtəlif birləşmə ehtiva edir. Lipid tərkibinin 90 %-i yağ turşularından, qalan hissəsi isə neytral lipidlər və steroidlərdən ibarətdir. Arı südü proteinlər və azı səkkiz əsas aminturşu ehtiva edən əvəz olunmayan aminturşuları ilə zəngindir. Balda olduğu kimi arı südündə də fruktoza, qlükoza və saxarozanın miqdarı çoxluq təşkil edir. Bununla yanaşı, maltoza, trehaloza, melibioza, riboza kimi saxaridlərə də rast gəlmək olur. Tərkibində germisidin ehtiva etməsi səbəbindən arı südündə mikroorqanizmlər inkişaf etmir. Arı südünün tərkibi mövsümi və coğrafi qidalanma şəraitindən, gənc işçi arıların fiziologiyasında baş verən dəyişikliklərdən, həmçinin sürfələrin yaşından asılı olaraq dəyişə bilir. Hələ qədim zamanlardan tibdə geniş istifadə olunan arı südü orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, mərkəzi və periferik sinir sistemini, hematopoezi, daxili sekresiya vəzilərinin fəaliyyətini, eləcə də lipid və xolesterol mübadiləsini tənzimləyir. Arı südü ürək və qan damar sisteminin müxtəlif xəstəliklərinin müalicəsində də faydalıdır. Kardioprotektiv təsirə malik olan arı südü orqanizmdə mübadilə enerjisini artırmaqla yanaşı, zərərli xolesterolun miqdarını azaltdığından, qan təzyiqinə tənzimləyici təsir göstərir. Araşdırmalar 1 qram arı südünün xolesterolu 14 faiz azaltdığını təsdiq etmişdir. Arı südü immunomodulyator təsirə malik olub, immun sistemini gücləndirir, orqanizmi lazım olan bütün vitaminlər, turşular və mikroelementlərlə təmin edir, vitamin çatışmazlığı ilə mübarizə aparır, hormonal tarazlığı bərpa edir. Eləcə də fiziki və zehni inkişafa kömək edir, yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırır, orqanizmin viral və bakterial infeksiyalara qarşı müqavimətini artırır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün də faydası böyükdür. Körpələrinə süd verən analarda ana südünün miqdarının artmasına kömək edir. Arı südü tərkibində olan sərbəst radikalların təsirini neytrallaşdıran hidroksi-2-dekonoik turşusu sayəsində xərçəng hüceyrələrini məhvetmə xüsusiyyətinə malik olub, orqanizmdə onkoloji xəstəliklərin yaranmasının qarşısını alır. Arı südünün tərkibində 230-240 mkq/q miqdarında dezoksiribonuklein turşusu (DNT) vardır ki, bu da qocalmış hüceyrələrə və toxumalara bərpaedici təsir göstərir. Tərkibinin kollagen zülalı ilə zəngin olması baxımından arı südü kosmetik vasitə kimi geniş istifadə edilir. Belə ki, arı südü dərinin elastikliyini, bərpasını və cavanlaşmasını təmin edir. Arı südü tez xarab olan məhsuldur. Ona görə də peşəkar şəkildə emal olunmuş məhsulun alınması tövsiyə edilir. Bunun üçün dondurulmuş və ya qurudulub kapsula halına salınmış arı südündən istifadə etmək məsləhətdir. Dozası və istifadə üsulundan asılı olmayaraq arı südünün səhər saatlarında istehlak edilməsi daha məqsədəuyğundur. Düzgün saxlanma şəraiti ilə (≥ -18° C) bu məhsulun faydalı xüsusiyyətlərini bir ildən artıq müddətdə qoruyub saxlamaq olar. İstehlakı zamanı arı südünün gündəlik dozasını tənzimləmək lazımdır. Belə ki, vitaminlər, yağ turşuları və mikroelementlərlə son dərəcə zəngin olan arı südünün çox miqdarda qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər. Böyrək xəstəlikləri, allergiyalar, şişlər və Addison xəstəliyi zamanı bu məhsulun istifadəsi arzuolunmazdır. Arterial hipertoniya, şəkərli diabet, tromboflebit, tromboz zamanı və qanın laxtalanma qabiliyyəti yüksək olduqda da arı südündən istifadədən əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.