Öpüş bir çox hormonların ifrazını stimullaşdırır, eləcə də immun sistemini gücləndirir.

Foodinfo.az xəbər veri r ki, bu barədə endokrinoloq Elvina Binatova danışıb.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, öpüşmək həm insanın fiziki və emosional sağlamlığına müsbət təsir edir, həm də partnyorlar arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Öpüşmə zamanı oksitosin, dopamin və endorfin kimi hormonlar ifraz olunur. Birincinin ifrazı inam səviyyəsinin artmasına, əhval-ruhiyyənin yaxşılaşmasına və rahatlıq hissinə, həmçinin daha yaxın və daha emosional münasibətlərin formalaşmasına kömək edir. Bundan əlavə, oksitosin "stress hormonu" olan kortizol səviyyəsini aşağı salır, qan təzyiqini və ürək döyüntüsünü azaldır.

Dopamin və endorfin həzz və xoşbəxtliyin stimulyatorlarıdır. Onlar narahatlıq və stress səviyyəsini azaltmağa, əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Onların təsiri altında insan daha aktiv və motivasiyalı olur.

Öpüşmək daha çox tüpürcək ifrazına səbəb olmaqla ağız sağlamlığını yaxşılaşdırır. Tüpürcəkdə bakteriyalarla mübarizə aparmağa və turşu-qələvi balansını qorumağa kömək edən fermentlər və anticismlər var. Ağız boşluğunda yaşayan bakteriyaların 20%-i fərdidir və partnyorlar təmas zamanı onlarlı bir-birinə ötürürlər. Digər şəxsin yad bakteriyalarıyla təmasda olduqda, bədən infeksiyalarla mübarizə aparmağa kömək edən anticismlər istehsal edir. Bu isə immun sistemini gücləndirir.

Lakin bir məsələni qeyd etmək vacibdir: öpüşmək orqanizmə yalnız o halda müsbət təsir göstərə bilər ki, hər iki tərəfdə tüpürcəklə ötürülə bilən xəstəliklər - xüsusən də herpes və mononukleoz yoxdur. Həmçinin, ağızda yaralar varsa,vərəm, İİV (İnsanın İmmunçatışmazlığı Virusu), QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu), hepatit B və C kimi infeksiyalar öpüş yolu ilə keçə bilər.

Leyla