Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Şam gövdə nematodunun ((Bursaphelenchus xylophilus (Steiner & Bührer) ekspress risk təhlili həyata keçirilib. Təhlilin nəticəsinə əsasən, iynəyarpaqlı bitkilər üçün ciddi problemlər yarada bilən bu zərərvericinin ölkə ərazisinə keçməməsi üçün qaydalara ciddi əməl olunması davam etdirilməlidir.
Belə ki, Şam gövdə nematodu (Bursaphelenchus xylophilus) həm də şam solğun nematodu (Pine wood nematode) kimi tanınır. Bu, iynəyarpaqlıların Pinus cinsindəki ağaclara sirayət edən və hətta məhvinə səbəb olan nematod növüdür.
Şam gövdə nematodu ilk dəfə Amerika Birləşmiş Ştatlarında (Florida) şam ağaclarında aşkar edilib. ABŞ və Kanada ilə yanaşı, patogen Meksikada da təsbit olunub. B.xylophilusun Şimali Amerikadan 20-ci əsrin əvvəllərində qablaşdırılmış materiallarla Yaponiyaya aparıldığı ehtimal edilir. Çində B.xylophilus ilk dəfə 1982-ci ildə, Tayvanda 1985-ci ildə, Koreya Respublikasında isə 1988-ci ildə aşkarlanıb. Avropada bu nematod növü ilk dəfə 1999-cu ildə Portuqaliyada tapılıb və Çindən qablaşdırılmış ağac materialı vasitəsilə gətirildiyi müəyyən edilib. Avropa və Rusiya Federasiyasının Uzaq Şərq və Sibir vilayətlərində bu nemotodun B.mucronatus növü geniş yayılıb. Respublikamızda nematodun aşkarlanmasına dair rəsmi məlumat yoxdur.
B.xylophilus əsasən şam ağaclarında (Pinus spp.) yayılıb. Lakin bu zərərverici fıstıq (Fagus sylvatica) və palıd (Quercus robur) bitkiləri ilə də qidalanır. B.xylophilus Bursaphelenchus cinsinin ümumi əlamətlərinə malikdir. Belə ki, nematodlar kiçik və ya uzun nazik formadadır. Şam gövdə nematodunun dişi fərdlərində baş hissə böyük, çıxıntılı və altı dodaqlıdır. Dişi fərdlərin stiletinin uzunluğu 12.6-13.0 mikrondur. Erkək fərdlərin stiletinin uzunluğu 12.6-13.8 mikron, spikulasının uzunluğu isə 18.8-23.0 mikrondur. Yetkin nematodların bədəninin uzunluğu 0,52-1,22 mkm-dir. İynəyarpaqlı bitkilərin B.xylophilus ilə sirayətlənməsi zamanı qətran məhsuldarlığının kəskin azalması, yarpaqların saralması və solması, qəhvəyi rəng alması, daha sonra isə budaqların və bitkinin quruması baş verir. Nematodlar bir bitkidən digərinə Monochamus növləri vasitəsilə yayılır.
B.xylophilusun yayılması əsasən nematodları iynəyarpaqlı ağaclara daşıya və ötürə bilən həşərat vektorları ilə birlikdə qablaşdırılmış ağac materiallarının idxalı zamanı baş verir. Belə ki, yetkin Monochamus sürfələri işlənmiş ağacda bir neçə ay yaşaya və uzun məsafəyə daşına bilir. Bəzən də müxtəlif və işlənməmiş taxta materiallarda canlı tapılır.
Yaponiyada 1940-1950-ci illər arasında nematodların yayılması nəticəsində hər il 1 milyon m3-ə yaxın ağacda itkilər meydana gəlib. Lakin aparılmış mübarizə tədbirləri nəticəsində bu göstərici 500.000 m3-dən aşağı enib. Ölkədə 1980-ci ildə nematoda qarşı mübarizə tədbirləri üçün 35 milyon dollar vəsait xərclənib. Çində 1995-2006-cı illər arasında B.xylophilus nematodu 2,3 milyon ağacı məhv edib. Həmçinin 1998-2017-ci illər arasında B.xylophilus nematodunun sirayətlənməsi nəticəsində Çinin orta illik iqtisadi itkisi 1 milyard dollardan çox olub.
Qeyd edilənlərdən belə bir qənaətə gəlmək olar ki, B.xylophilus nematodunun yayıldığı ölkələrdə yüksək iqtisadi zərər müşahidə edilir. B.xylophilus hazırda dünyada ən çox ziyan verən zərərverici və patogen kimi müəyyən edildiyindən bu nematodun ölkəmizə keçməsi iynəyarpaqlı bitkilər üçün ciddi problemlər yarada bilər. Ona görə də, B.xylophilusun ölkə ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə taxta materialları bu zərərverici ilə sirayətlənməmiş ərazilərdən və yaxud zərərli orqanizmlərdən azad zona, azad istehsal yeri və azad istehsal sahələrindən gətirilməlidir. Eyni zamanda FTBS 15-in tələblərinə cavab verən taxta materiallardan istifadə olunmalıdır.
Şam gövdə nematodu ölkəmizdə aşkar olunduğu təqdirdə, zərərverici ilə sirayətlənmiş qurumuş ağaclar kəsilməli və ya yandırılmalıdır.