Rusiyada məktəbəqədər uşaqların valideynləri arasında aparılan sorğu zamanı məlum olub ki, uşaqların təxminən yarısı - 48% - qaranlıqdan qorxur. 

Foodinfo.az xəbər verir ki, sorğu Moskva Dövlət Psixoloji-pedaqoji Universitetinin Müasir Uşaqlığın Fənlərarası Tədqiqat Mərkəzinin alimləri tərəfindən aparılıb.

Mütəxəssislər 3 yaşdan 6 yaşa qədər məktəbəqədər uşaqları olan 366 valideynlə sorğu keçirib. Alimlərin suallarının 95%-nə analar cavab verib, onların təxminən 70%-i 30-39 yaş arasındadır.

Qaranlıqdan əlavə, uşaqları həşəratlardan (33%), tənhalıqdan (20%) və yad insanlardan (18%) qorxurlar. 

Tədqiqatçılardan biri, mərkəzin rəhbəri Olqa Rubtsova qeyd edir ki, bu, məktəbəqədər uşaqlar arasında üstünlük təşkil edən qorxuların xarici dünya ilə əlaqəli olduğunu göstərir, qızlar isə qorxunun daha yüksək intensivliyi ilə xarakterizə olunur. Bundan əlavə, uşaqlar valideynlərinin qorxularını mənimsəyirlər - eyni şeylərdən qorxurlar.

Təhlillər onu da göstərib ki, böyüklər nə qədər çox səsini qaldırır, danlayır, övladlarını fiziki cəzalandırır və hansısa formada məhdudlaşdırırsa, uşaqlarda bir o qədər çox müəyyən qorxular yaranır.

Mütəxəssislərin sözlərinə görə, valideynlər narahat uşaqlarla ünsiyyət qurarkən iki strategiyadan birini seçirlər: ya uşağı dinləmək və qorxusu haqqında danışmaq və ya qorxulu heç bir şeyin baş vermədiyinə və uşağı qorxacağı bir şeyin olmadığına inandırmaq.

Tədqiqatçılar müəyyən ediblər ki, ikinci strategiyaya əməl edən valideynlərin uşaqları, birincilərə nisbətən daha çox qorxu yaşayırlar. Problemin səbəbləri müzakirə edilən ailələrdə heç bir qorxu əlaməti olmayan uşaqların nisbəti 29,1% təşkil edib. Valideynlər narahatlıq mənbələrinin əhəmiyyətini inkar etməyə üstünlük verdikləri ailələrdə bu rəqəm 18,1% təşkil edib.

İkinci halda valideynlər, sanki, uşağın artıq yaşadığı və onun üçün tamamilə real olan hisslərin mövcudluğunu inkar edirlər. Buna görə də, bu vəziyyətdə uşağın qorxularının səbəbləri və onlarla qarşılaşdıqda düzgün davranmaq barədə sakit söhbət etmək daha yaxşıdır.

Leyla