Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.

Foodinfo.az xəbər verir ki, AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “HACCP - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda təşkil olunub. Təlim Naftalan şəhərində yerləşən “Yeni Çinar Hotel Company” MMC-nin əməkdaşları üçün keçirilib.

İnstitutun peşəkar mütəxəssisləri təlimdə iştirakçılara qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumat verib. Eləcə də onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah olunub. Həmçinin sahibkarlıq subyektinin əməkdaşları məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumatlandırılıb.

İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, AQTİ tərəfindən “HACCP - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.