Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mövcud mühit xarici və yerli investorların prosesə cəlb olunması ilə nəticələnir. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti özəlləşmənin müasir mərhələsində məkan məfhumunu aradan qaldırıb. Bu isə elektron hərrac sisteminin tətbiqi nəticəsində baş verib.
Komitədən Foodinfo.az-a verilən məlumata görə, özəlləşdirmə hərracında müraciət və sifariş prosesinin elekton müstəviyə keçirilməsi, bu sahədə operativliyi və funksionallığı artırır. Eyni zamanda, istər hərrac iştirakçıları, istərsə də adi şəxslər hərrac prosesini onlayn olaraq canlı formada izləyə bilər. Komitə tərəfindən həyata keçiriləcək iyulun ilk hərracı 3-ü tarixində baş tutacaq. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.
Hərraca 105 dövlət əmlakının çıxarılması, investorların seçim imkanının geniş olacağını göstərir. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”-dır. Bundan başqa “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətləri də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.
Qeyd edək ki, hərrac barədə məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, Komitənin rəsmi saytı(emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə aparılır.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Belə ki, əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar Özəlləşdirmə portalı və Komitənin internet saytında yerləşdirilir. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Komitə tərəfindən növbəti hərrac isə 5 iyun tarixində keçiriləcək. Bu hərraca isə 190 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.