rləşmiş Millətlər Təşkilatı tərəfindən 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilib. Burada əsas məqsəd bitki örtüyünün məhv olmasının qarşısını almaqdan, ərzaq çatışmazlığını aradan qaldırmaqdan, yoxsulluğu azaltmaqdan, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığını artırmaqdan ibarətdir.
Foodinfo.az xəbər verir ki, Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar hər il mayın 12-də dünyanın bir çox ölkələrində bitki sağlamlığının təmin edilməsi və ətraf mühitin qorunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq” konsepsiyasına uyğun təşkil olunan tədbirlər prosesə öz töhfəsini verir.
Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar müvafiq təşkilatlarla birgə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də silsilə tədbirlər görülür. Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə tədbirlər isə mütəmadi olaraq həyata keçirilir. AQTA-nın fəaliyyət göstərdiyi ötən dövr ərzində respublikamıza virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib. Virus xəstəliklərinin ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə təsərrüfatlarda mütəmadi monitorinqlər keçirilir, idxal və ixrac edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq olunan zərərli orqanizmlərin ölkə üzrə yayılma arealı müəyyənləşdirilərək xəritələşdirilməsi həyata keçirilir. Bitki sağlamlığının izlənməsi istiqamətində hazırlanan Milli Monitorinq Planı icra edilir. Təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Həmçinin fitosanitar nəzarət çərçivəsində 180 pomidor istehsalı təsərrüfatında sağlamlaşdırma tədbirləri aparılıb. Ölkədə bitki sağlamlığının izlənilməsi məqsədilə 2 500 pomidor, 326 alma, 1 062 kartof, 68 soğan təsərrüfatında və 64 meyvə bağında monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi ilə əlaqədar olaraq preparatın ilkin və təkrar dövlət qeydiyyatına alınması zamanı təqdim edilən sənədlərlə bağlı tələblər sadələşdirilir. Bundan əlavə, preparatın təkrar dövlət qeydiyyatına alınması üçün sahibkar tərəfindən bir ay öncədən ediləcək müraciətin vaxtı üç ay öncəyə qədər uzadılıb. Müxtəlif ölkələrdən idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar həmin ölkələrə ümumilikdə 917 bildiriş göndərilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Konvensiyaların, Avropa Birliyinin və Tükiyə Respublikasının təcrübələri nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiq edilib.
Həmçinin bitki sağlamlığının təmin olunması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki və bitkiçilik məhsullarında, eləcə də digər karantin nəzarətində olan məhsullarda zərərverici həşərat və gənələrin, herboloji ekspertiza zamanı alaq otları və toxumların, mikoloji ekspertiza zamanı fitopatogen göbələklərin, fitohelmintoloji ekspertiza zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, həmçinin zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.