Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində ölkəmizdə səfərdə olan bitki sağlamlığı üzrə Türkiyə Respublikasından olan mütəxəssislər və FAO-nun Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüş olub.
Foodinfo.az-ın xəbərinə görə, görüş zamanı qonaqlara Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinin tənzimlənməsinin, eləcə də zərərli orqanizmlərin risk qiymətləndirilməsinin cari vəziyyəti barədə məlumatlandırılıb. Eyni zamanda ölkəmizin FTPP II-də iştirakı çərçivəsində böhran vəziyyətlərdə bitki sağlamlığının qiymətləndirilməsi, xəbərdarlıq prosedurlarının və bu sahədə fövqəladə hallara cavab tədbirlərinin formalaşdırılması və virus xəstəliklərinin idarə edilməsi ilə bağlı məsələlər müzakirə olunub. İki ölkənin müvafiq qurumları arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.