Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Tədbirdə vurğulanıb ki, zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir.
Bildirilib ki, Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir.
Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.






