Bazardan və ya mağazadan çörək alarkən görünüş və qoxuya diqqət yetirmək sağlamlıq üçün mühüm şərtdir.
Foodinfo.az xəbər verir ki, Çörəkçilik Sənayesi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Aleksandra Moiseenko aif.ru-ya açıqlamasında xoşagəlməz qoxulu və keyfiyyətsiz görünüşlü çörəklərin istifadəsinin təhlükəli ola biləcəyini bildirib.

Onun sözlərinə görə, çörəyin kifə bənzər, köhnəlmiş qoxusu, acı və ya kəskin turş dadı məhsulun istehlaka yararsız olduğunun əsas göstəricilərindəndir. Belə məhsulların istifadəsi orqanizm üçün risklidir və qida zəhərlənməsinə səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, çörəyin səthi hamar olmalı, böyük çatlar, batıqlar və ləkələrdən uzaq olmalıdır. Qabığı isə bərabər rəngdə bişməli, nə çox qaralmış, nə də yanmış halda təqdim edilməlidir.

“Çörəyin içi yaxşı bişmiş olmalı, xəmir qalıqları, topa halında hissəciklər və qarışmamış undan izlər olmamalıdır”, – deyə Moiseenko qeyd edib.