Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları inzibati ərazi vahidində fəaliyyət göstərən dönərxana sahibləri üçün təlim keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Təlimin əsas məqsədi III MDB oyunları zamanı qonaqların və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin artırılması və qida zəhərlənmələrinin qarşısının alınmasıdır.

Təlimdə dönərxana sahiblərinə sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi tələbləri mövzusunda maarifləndirici məlumatlar verilib. Qida məhsullarının temperatur rejiminə riayət olunması və düzgün saxlanma qaydaları, çarpaz çirklənmənin qarşısının alınması yolları izah olunub. Personalın şəxsi gigiyena qaydalarına əməl etməsinin və tibbi müayinədən keçməsinin, eləcə də istehsalatda istifadə olunan avadanlıq və səthlərin müntəzəm dezinfeksiyasının, ictimai iaşə müəssisələrində təhlükəli mikroorqanizmlərin yayılma riskləri və onların qarşısının alınmasının vacibliyi vurğulanıb.

Sonda sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb və tövsiyələr verilib.