
Son illərdə qida allergiyalarının, xüsusilə uşaqlar arasında, sürətlə artması alimləri narahat edir. Foodinfo.az xəbər verir ki, araşdırmalara görə, dünyanın bir çox ölkəsində uşaqların təxminən 8 faizində ən azı bir qida allergiyası mövcuddur.
Avstraliyalı allerqoloq Prof. Mimi Tang “BBC”yə açıqlamasında bildirib ki, müasir həyat tərzi və dəyişən qidalanma vərdişləri allergiyaların artmasına təsir göstərir: “İlk illərdə bəzi qidaların çox gec tanıdılması uşaqlarda immun sisteminin həssaslaşmasına səbəb ola bilər”.
Ən çox rast gəlinən allergenlər arasında süd, yumurta, fıstıq, qoz-fındıq, soya və buğda var. Uşaqlarda bu qidalara qarşı reaksiyalar əsasən dəri səpgisi, qaşınma, öskürək, qarın ağrısı və bəzən də nəfəs darlığı şəklində özünü göstərir.
Mütəxəssislər valideynlərə məsləhət görürlər ki, uşaqlar yeni qida ilə tanış edilərkən diqqətli olsunlar və şübhəli simptomlar müşahidə etdikdə dərhal allerqoloqa müraciət etsinlər.
Tibbi araşdırmalara görə, bəzi allergiyalar uşaqlar böyüdükcə yox ola bilər, lakin fıstıq və qoz-fındıq allergiyası çox vaxt ömür boyu davam edir.
Həkimlərin tövsiyəsi odur ki, valideynlər həkim məsləhəti olmadan uşaqların rasionundan qidaları tamamilə çıxarmasınlar, çünki bu, qidalanma balansına mənfi təsir edə bilər.