Son illərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı geniş sosial-iqtisadi islahatlar çərçivəsində qida təhlükəsizliyi sahəsində də mühüm institusional və sistemli tədbirlər həyata keçirilib. Dövlət başçısı tərəfindən təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri qida zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılmasını hədəfləyir. Bu tədbirlərin icrasını təmin etmək məqsədilə Prezidentin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyəti dövründə qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf, maddi-texniki təminat və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Prezidentin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və uğurla yekunlaşmaq üzrədir.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Dövlət başçısının apardığı islahatlara uyğun olaraq, qabaqcıl beynəlxalq təcrübə əsasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul edilib, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” Qanun layihələri aidiyyəti üzrə təqdim edilib. Qida təhlükəsizliyi ilə bağlı sanitariya, fitosanitar və baytarlıq normaları və təlimatları hazırlanıb və təsdiqlənib.
Prezidentin iqtisadi islahatları nəticəsində Azərbaycan məhsullarının ixrac bazarlarının şaxələndirilməsi istiqamətində mühüm tədbirlər icra edilib. Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarına “yaşıl dəhliz” rejimi tətbiq edilib və məhsulların ixracı üçün sertifikat tələbi aradan qaldırılıb. Gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıqlardan əldə olunan kürü məhsullarının Avropa ölkələrinə ixracı təmin edilib. Eyni zamanda balıq məhsullarının ixracına da razılıq əldə olunub. Cari ildə fındıq, badam və quşçuluq məhsullarının Çinə ixracı ilə bağlı razılıq əldə edilib. Azərbaycan Respublikasından 7 ölkəyə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Birləşmiş Ərəb Əmirliklərinə ərzaqlıq yumurta ixrac edilir.
Qida təhlükəsizliyi sahəsinə aid məhsulların idxal və ixracına nəzarətin effektiv şəkildə təmin edilməsi məqsədilə Qazax rayonu ərazisində, Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazidə “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsi yaradılıb və fəaliyyətə başlayıb. Heyvan sağlamlığı və rifahı sahəsində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Həmçinin Azərbaycanın qonşu ölkələr (Rusiya, Qazaxıstan) tərəfindən atların manqo xəstəliyindən azad ölkə kimi qəbul edilməsinə nail olunub və atların Orta Asiya ölkələrinə ixracı təmin edilib.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib.
Ağstafa, Beyləqan, Samux, Füzuli və İmişli rayonlarından istifadəyə yararsız pestisidlərin və çirklənmiş torpaqların “Cəngi pestisid poliqonu”na daşınması həyata keçirilib və beton quyularda (bunkerlərdə) yerləşdirilməsi təmin olunub.
Agentlik tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələri üzrə 19 ölkə ilə 40-dan çox qarşılıqlı əməkdaşlıq və tanınma sazişləri, anlaşma memorandumları, protokollar və s. sənədlər imzalanıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən Azərbaycanda aparılan qiymətləndirmə nəticəsində ölkəmizdəki mövcud qida təhlükəsizliyi sisteminin səriştələr üzrə (kompetensiya) hər birinin nəzərə alındığı və işlək olduğu aşkarlanıb.
Laboratoriya infrastrukturunun yenilənməsi, müasir avadanlıqlarla təchizatın gücləndirilməsi, səriştəliliyin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilib.
Bütün həyata keçirilən tədbirlər göstərir ki, ölkə rəhbəri cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə qida təhlükəsizliyi uğurla təmin olunur, beynəlxalq standartlara uyğun mexanizmlər formalaşdırılıb, əhalinin sağlam qidalanması təmin edilir və Azərbaycan məhsullarının ixrac imkanları əhəmiyyətli dərəcədə genişləndirilib.






