Gün ərzində qəbul etdiyimiz qidalar faydaları və zərərləri daxil olmaqla bir çox xüsusiyyətləri özündə ehtiva edir. Bu qidaların istifadəsi barədə bəzi məlumatları bilmək, meyvə və tərəvəzlərin öz mövsümündən kənar dövrdə istehlak edilməsinin insan orqanizminə təsiri barədə AZƏRTAC-ın suallarını Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorundan cavablandırıblar. Qurumdan bildirilib ki, gündəlik qida rasionunda, yəni süfrəmizdə meyvə və tərəvəzlərdən istifadə olunması insanın sağlamlığına və əhvali-ruhiyyəsinin yüksək olmasına bilavasitə təsir edir. Tərəvəz və meyvələr qida rasionunun tənzimlənməsində, həmçinin orqanizmin minerallarla və vitaminlərlə zənginləşməsində əhəmiyyətli rola malikdir. Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri də meyvələri və tərəvəzləri mövsümündə istehlak etməkdir. Mövsümündə istehlak edilən meyvə və tərəvəzlərin faydaları daha çoxdur: onların tərkibi vitaminlər, mikro və makroelementlər, zülallar, yağlar və karbohidratlarla zəngindir.
Əvvəllər təzə məhsulu yalnız onun yetişdiyi mövsümdə tapmaq mümkün idi, çünki istehsal havadan və digər təbii böyümə şəraitindən asılı idi. Hazırda isə ilin hansı mövsümündən asılı olmayaraq, demək olar ki, istənilən meyvə və tərəvəzi tapmaq mümkündür. Bu baxımdan, bəzi meyvə və tərəvəzlərdən bütün il boyu istifadə edilir. Lakin, bəzi meyvə və tərəvəzləri öz fəslindən kənar dövrdə yemək arzuolunan deyil. Belə ki, böyümə mövsümü iyul və avqust aylarında olan meyvə və tərəvəzlərin bütün il boyu istehlak edilməsi orqanizm üçün faydalı deyil. Məsələn, yayda (təbii mövsümdə) yetişdirilən çiyələyin qışda yetişdirilən çiyələkdən qida dəyəri daha yüksəkdir və dadı daha tamlıdır. Həmçinin qarpız və ya yemişi öz fəslindən kənar dövrlərdə yemək məsləhət deyil. Həmin məhsulların mövsümündə istehlak edilməməsi orqanizm üçün riskli hesab olunur.
Meyvə və tərəvəzlərdən bəzilərini isə öz fəslindən kənar dövrdə yemək olar. Yetişdirilmə və böyümə mövsümü yay və payız aylarına təsadüf edən bəzi meyvə və tərəvəzləri isə bütün il boyu istehlak etmək məsləhətdir. Məsələn, tərəvəzlərdən kartof, kələm, meyvələrdən alma, limon və digərlərinin adlarını qeyd edə bilərik. Ancaq bu zaman bəzi məqamlar nəzərə alınmalıdır. Belə ki, tərəvəz və meyvələrin düzgün saxlanılması onun keyfiyyətli qalmasının vacib şərtidir. Çünki düzgün saxlanılmadıqda məhsullar bəzi vitaminləri və qiymətli mikroelementləri itirir.